Yaradıcı insan və ətraf aləm problemi: "Sahə" təqdim olundu

Milli.Az xəbər portalının məlumatına görə, bu gün “Azərbaycan” kinoteatrında “Sahə” tammetrajlı bədii filminin premyerası baş tutdu.

Ssenari müəllifi və quruluşçu rejissoru İlqar Safat olan “Sahə” filminin adı müstəqim və məcazi məna daşıyır. Filmin müəllifi əsas obrazlar olan Qərib (Zaza Bejaşvili, Gürcüstan), Səbinə (Melissa Papel, Fransa) və Rəisin (Vaqif İbrahimoğlu, Azərbaycan) timsalında yaradıcı insanın zamanın və məkanın akustikasına varmaq yolunda keçirdiyi sarsıntıların ekran həllini tapmağa cəhd edib.

Qəribə fotoqrafiyanın sirlərini öyrədən İosif Davıdoviçin Qobustan qayalıqlarındakı rəsmləri seyr edərkən söylədiyi “təsvir ölümə qalib gəlir” fikrini “Sahə” filminin leytmotivi hesab etmək olar. Psixoloji və mənəvi zorakılıq məqamları az olmayan “Sahə” filmində iki və hətta üç zaman ölçüsündə eyni obrazlaın davranışnı, ətraf aləmlə münasibətlərinin xassəsini izləmək mümkündür. Mənəvi zorakılıq epizodlarını Qəribin yeniyetməlik dövrünün “sahə”sində - məhəllənin qoluzorlusunun əmrinə tabe olub fotoqrafiya sənətindəki bacarığını pornoqrafiyanın yayılmasına sərf edəndə, mistik polis sahəsində Rəisin qəlyan çəkmək təklifini qəbul edib, beləliklə də Rəisin “hüquq-mühafizə orqanının idarəsində narkotik maddədən istifadə etmək maddəsi” toruna düşəndə görmək olar.

Belə mənəvi zorakılıqların baş alıb-getdiyi yerdə isə fiziki zorakılıqların dərəcəsini təsəvvür etmək çətin deyil. Ən ağrılısı isə ondadır ki, Qəribin nişanlısı Səbinə ilə birlikdə avtomobil qəzası nəticəsində tanış olduqları polis işçilərinin davranışı mistik və gercək təqdimatda bir-birindən yalnız zahiri cəhətlərinə görə fərqlənir - əgər mistik polislərdən fərqli olaraq gerçək polislər zərərçəkmişləri istintaqa yox, xəstəxanaya aparırlarsa da, onların tibb işçiləri ilə çirkin işbirliyini ört-basdır edə bilmir.

Xatırladaq ki, “Sahə” Azərbaycan və Gürcüstan kinematoqrafçılarının birgə işidir. Film Azərbaycanın “Nərimanfilm” kinostudiyasında istehsal edilib.

Samirə. Milli.Az 2010-09-16