"Azərbaycanda kino sahəsində peşəkarlar çatışmır" ( Nəriman Məmmədovun müsahibəsi )


Nəriman Məmmədov :”Kino istehsalının rentabelli biznesə çevrilə bilməsi üçün intellektual mülkiyyətin müdafiəsinə münasibəti kökündən dəyişdirmək lazımdır”

Dosye : Nəriman Məmmədov 1969-cu il 10 iyulda Moskvada anadan olub. Ali hüquq və siyasi təhsili vardır. İdarəetmə vəzifələrində 10 ildən artıq təcrübəyə malikdir. 2005-ci ilin aprelindən Azərbaycan Respublikası Beynəlxalq Ticari Arbitraj Məhkəməsinin arbitridır. 2005-ci ildə “Narimanfilm” kinostudiyasını təsis edib. Kampaniyanın əsas fəaliyyət növü sənədli və bədii filmlərin istehsalı, həmçinin Azərbaycan Respublikası ərazisində kinolayihələrin hüquqi müşayiəti və maddi-texniki cəhətdən təminatıdır.
O, dörd bədii filmin : “Min” (2001, Moskva), “Dağın nəvəsi” (2002-2006, Bakı), “Pəri-Qala” (2007, Bakı) və “Sahə” (2009, Bakı) filminin, həmçinin “Mən quşları xatırlayıram...” (2002, Moskva), “Məhsuldar otlaqlarda” (2006, Bakı), “Qobustana qayıdış” (2007, Bakı) və “Mənim məktəbim” (2008, Bakı) kimi dörd sənədli filmin prodüseridir. 2005-ci ilin sentyabrında “Cənubi Qafqaz –Müstəqil Kino Xadimləri transmilli Assosiasiyası”(IFA-SC)nın təsisçilərindən biri və idarə heyətinin üzvü olub. 2005-ci ilin oktyabrında Assosiasiyanın İdarə Heyətinin sədri seçilib. Azərbaycanın tanınmış kinoprodüseri Nəriman Məmmədovun “Paritet”ə verdiyi müsahibəsini sizə təqdim edirik. Onunla söhbətə son zamanlar kino sahəsində baş verən ən mühüm hadisədən başladıq.

-“Kino istehsalçıları, kinoteatrlar və televiziya Azərbaycan kinosunun tamaşaçıya çatdırılması yolunda bir zəncirin manqaları olmalıdırlar”

- Azərbaycan Respublikası Kinematoqrafçıları İttifaqının yaradılması Azərbaycanda kinematoqrafiya sahəsindəki vəziyyətin dəyişilməsi ilə əlaqədardır. Bu prosesə mənim şəxsi münasibətim tam müsbətdir, belə ki, yeni İttifaqının katibliyində olan təşəbbüs qrupundakı iştirakım buna əyani sübutdur. Biz hesab edirik ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı sadəcə kənardan müşahidə etməməli, Respublika Prezidentinin 2008-ci il 4 avqust tarixində təsdiq etdiyi, Azərbaycan Dövlət Mədəniyyət və Turizm Nazirliyinin həyata keçirdiyi proqramda fəal iştirak etməlidir. Biz ümid edirik ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının fəal yaradıcılığı Azərbaycan kinematoqrafiyasının gələcək inkişafına, ölkə daxilində, eləcə də onun hüdudlarından kənarda tanınmasına, onların peşəkarlıq səviyyəsinin yüksəlməsinə və gənc istedadların irəliyə getməsinə xidmət edəcəkdir. Bir sözlə, yeni İttifaqın qarşısında yeni vəzifələr durur və bununla əlaqədar Şəfiqə xanım başda olmaqla İttifaqın katibliyi qətiyyətlidir. Biz ümidvarıq ki, bu qətiyyət yaxın vaxtlarda konkret nəticələrə gətirib çıxaracaqdır.

- Səhv etmirəmsə, on ildən artıqdır ki, kino sahəsində çalışırsınız. Azərbaycan kino sənayesində hansı qüsurlar var?

- Azərbaycan kinematoqrafiyası zəngin tarixə malikdir. Bizim fəxr etməli cəhətlərimiz var, lakin dünya kino bazarı sürətlə inkişaf edir, müasir kinematoqrafiyadan geri qalmamaq üçün çatışmayan cəhətlərimizi görməli və bu çatışmazlıqları aradan qaldırmaq üçün konkret addımlar atmalıyıq. Mən belə hesab edirəm ki, bu çatışmazlıqlardan biri Azərbaycanda kino istehsalçıları, kinoteatrlar və televiziyanın bir-birinə paralel olmaqla, bir-biri ilə kəsişmədən, müxtəlif müstəvilərdə hərəkət etməsidir. Lakin belə olmamalıdır - kino istehsalçıları, kinoteatrlar və televiziya Azərbaycan kinosunun tamaşaçıya çatdırılması yolunda bir zəncirin manqaları olmalıdırlar. Məhz bu gün, bizə vacib olan, kino istehsalçılarının prokatçılar və televiziya ilə yaxınlaşması, birləşməsi məqsədilə islahatların aparılmasıdır. Bunun üçün dövlətin kino sahəsində düşünülmüş və inandırıcı siyasəti vacibdir. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının vəzifəsi ondan ibarət olmalıdır ki, dövlət siyasətinin işlənib hazırlanması və realizasiyası zamanı yeni İttifaqın maraqları nəzərə alınsın və kinematoqrafçıların səyləri dövlətin iradəsi ilə üst-üstə düşsün.
Ölkəmizdə kino sahəsində peşəkarlar çatışmır. Kadrların hazırlanmasındakı mövcud sistem zamanın tələblərinə cavab vermir. Alternativ təhsil meydançalarının layihələrini işləyib hazırlamaq və həyata keçirmək vacibdir. Prodüserlərə sadəcə istedadlı yox, o cümlədən səmərəli və peşəkar kadrlar lazımdır.

-“Hazırda internet hüquqların pozulmasında əsas mənbə rolunu oynayır”
Müsahibələrinizdən birində belə bir fikir söyləmişdiniz : Azərbaycanda kino haqqında biznes kimi danışmaq çox tezdir. İndi ən yaxşı yol beynəlxalq səviyyədə tanına bilən keyfiyyətli kino yaratmaqdır. Azərbaycan kinosu bunu edə bildimi yaxud bilirmi?

- Azərbaycanda kino istehsalının rentabelli (gəlir gətirən) biznesə çevrilə bilməsi üçün intellektual mülkiyyətin müdafiəsinə münasibəti kökündən dəyişdirmək, bu prosesə cəlb olunmuş və onun ticari dövriyyədə iştirakını təmin edən adamların maraqlarını nəzərə almaq lazımdır. Hazırda internet kommunikasiya vasitəsindən intellektual hüquq sahiblərinin kütləyə çatdırılmasında geniş istifadə vasitəsinə çevrilib və eyni zamanda bu hüquqların pozulmasında əsas mənbə rolunu oynayır. Fayl paylaşma və baxış servisləri demək olar ki, bütünlüklə əsərlərin qeyri-qanuni istifadəsinə həsr olunub, sosial şəbəkələrdə əsərlərin sahibləri tərəfindən icazəsiz istifadəsi 60%-dən yuxarıdır. Bu Azərbaycan prodüserləri üçün ciddi mənfi nəticələrə səbəb ola bilər, onların normal fəaliyyət göstərməsi və gələcək inkişafına mane olaraq, iqtisadi əsaslarının sarsılmasına, kino istehsalının investisiya üçün cəlbediciliyinin azalmasına gətirib çıxara bilər. Piratçılıq ölkəmizdə yaradıcılığın mükafatlandırılmasına və mədəniyyətin inkişafına böyük ziyan vurur.

- Siz həm də hüquqsünassınız. Bildiyim qədər, Azərbaycan kinosunun hüquqi bazasını yaratmaq istəyiniz var. Yeni İttifaqda bu məsələni gündəmə gətirəcəksinizmi?

- Kino istehsalı prosesində kino çəkilişinə lazım olan avadanlığın Azərbaycana idxal edilməsi üçün normativ-hüquqi bazanın nizamlanması sahəsində zəruri dəyişikliklər edilməsi, həmçinin kino avadanlığının idxalı və kino istehsalı zamanı təqdim olunan xidmətlərin ƏDV-dən azad olunması vacibdir. Yeni İttifaqının katibliyi Azərbaycan hökumətinə təqdim etmək üçün təkliflər planı üzərində fəal iş aparır və bu təkliflər ən yaxın zamanda Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə təqdim olunacaqdır.

-“Bu gün Azərbaycan prodüserləri filmlərin istehsalına öz kapitallarını qoymaq istəmirlər”
   Prodüseri olduğunuz “Sahə” filmi Azərbaycanla Gürcüstanın ilk birgə işidir. Necə fikirləşirsiniz, müştərək layihə kimi qarşıya qoyduğu məqsədlərə çata bildimi?

- Hesab edirəm ki, bəli. ”Sahə” tammetrajlı bədii filmi bir neçə il ərzində Azərbaycanı beynəlxalq festivallarda təmsil etdi. Film Azərbaycanda, ABŞ-da, Hindistanda, Rusiyada, Türkiyədə, Kiprdə, Gürcüstanda, Rumıniyada, Ukraynada, Estoniyada, Braziliyada və b. ölkələrdə nümayiş olundu. Bu müddət ərzində biz bir çox şey öyrəndik, maraqlı insanlarla tanış olduq, xarici kinematoqrafçılarla və distribyutorlarla işgüzar, səmərəli əlaqələr qurduq. Ona görə də deyə bilərəm ki, layihə müəyyən məqsədlərinə çatdı, lakin filmin distribyusiyası üzrə iş hələ davam edir.

- Azərbaycanda prodüser kinosunun sözün həqiqi mənasında inkişaf etməsi üçün tam şərait varmı? Şərait varsa prodüserlərə nə mane olur?

- Ölkəmizdə prodüser filmlərinin çəkilişi üçün şərait var, amma təəssüf ki, bu gün Azərbaycan prodüserləri kinoteatrlarda filmlərin prokatından, onların televiziyada nümayişindən və DVD buraxılışlarından sərf etdikləri pulu geri qaytara bilmədikləri üçün filmlərin istehsalına öz kapitallarını qoymaq istəmirlər. Ona görə də investorların və xarici prodüserlərin kinoya cəlb olunması demək olar ki, qeyri-mümkündür.

- Rəhbəri olduğunuz “Nərimanfilm” kinostudiyası gənclərlə sıx işbirliyi qurur. Gənc kinematoqrafçıları necə qiymətləndirirsiniz?

- Hesab edirəm ki, gənc Azərbaycan kinematoqrafçıları istedadlı və iddialıdırlar. Bizim əsas vəzifələrimizdən biri gənc kinematoqrafçılarla daimi əlaqə qurmaqdır.

Nərmin Muradova. 2012-04-03