Azərbaycanla Gürcüstan ortaq "Sahə"də fövqəltəbii mistika yaratdılar

saheKeşmiş həyatınız, qaranlıq gizlinləriniz, iç qorxularınızla qarşılaşmağa hazırsınızmı?
23 sentyabrdan “Azərbaycan” kinoteatrında “Sahə” filminin premyerası başlayıb və 29-dək davam edəcək. Xəbər verdiyimiz kimi, 16 senytabrda media mənsubları üçün baxışı keçirilən və sözün yaxşı mənasında səs-küyə səbəb olan bu film, bu gündən geniş auditoriyaya da açıqdır.

Məlumat üçün deyək ki, “Nərimanfilm” kinokompaniyasının istehsalı olan “Sahə” Azərbaycan və Gürcüstanın (“Bagirafilms”) müştərək istehsalıdır. 1,5 milyonluq maliyyə dəyəri olan filmin ödənişinin 20 %-i Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin payına düşür, qalanı isə Paşa Bank-ın iştirakı ilə ərsəyə gəlib. Filmin müştərəkliyi təkcə yaradıcı heyət – rejissor, operator, prodüser və bəstəkar olmaqla bahəm aktyorların da Gürcüstan, Rusiya, Fransadan dəvət olunmasında özünü büruzə verir. Bizimkilər, rejissor - İlqar Safat, prodüser - Nəriman Məmmədov, bəstəkar – Andrey Doynikov, operatorlar – Konstantin (Mindia) Esadze, Varlam Karçxadze, quruluşçu rəssamlar -Törəxanım Ağabəyova, Rəna Əffəndi və bir bir qism aktoyrlardır. Aralarında tanınmışları da var, seyrcilərin görüşünə ilk dəfə gələnlər də.

Arthouse dram-misteriya janrında çəkilmiş mistik fimlər kateqoriyasına aiddir “Sahə”. Hekayə, maraqlı janrlar kəsişməsini – fövqəltəbiilik ilə misteriyanı özündə birləşdirir. Bu isə öz növbəsində diqqəti müasir münasibətlərdə olan təzyiq və dilemmalara yönəldir. Hadisələr Bakıda cərəyan edir. Yeri gəlmişkən, Bakı hər zaman beynəlxalq auditoriya üçün böyük maraq kəsb edib. Təsadüfi deyil ki, əcnəbi kinematoqraflar Azərbaycanı, xüsusilə də paytaxt Bakını kino istehsalı ücün canlı pavilyon hesab ediblər.

Filmin süjet xəttinə gəlincə. Qərib adlı məhşur bir fotoqraf (Zaza Bejaşvili, Gürcüstan), nişanlısı Səbinə (Melissa Papel, Fransa) ilə Qobustan gəzintisindən qayıdarkən yol qəzasına uğrayır. Hadisə yerinə gələn polis məmurları onları SAHƏyə aparırlar. Guya hadisə ilə bağlı protokol tərtib edilməli, qəzanın səbəblər araşdırılmalıdır. Ancaq sözügedən SAHƏdə filmin elə ilk dəqiqələrindən baş verən müəmmalı, izahı birmənalı olmayan “istintaq”ın gedişatında qəhrəman, zamanların kəsimində var-gəl edir. Zamansızlıq SAHƏsində keşmişilə üzləşir, öz daxilindəki uşaqlığında qazandığı fobiyanı aşkar edir. Keşmişilə, əməlləri, hissləri, atdığı addımlar, beynindəki düşüncələrlə, hətta yandırdığı gündəliyi belə şahid qismində “cıxış edir”. Bu məqamda M.Bulqakovun “Ustad və Marqarita”sında dediyi “əlyazmalar yanmır” ifadəsi yada düşür. Qəhrəman, keşmiş həyatı, şəffaf örtük altında illərdir yatmış qaranlıq gizlinlərlə üz-üzə qarşılaşmalarını yaşayır. Hadisələrin dinamik şəkildə cərəyanı, dramatik gərginlik, vəziyyətlərin gözləniləz dönüşləri...

Düşdüyü SAHədən çıxmağın bir yolu var: öz qorxuları ilə üzləşərək onlardan qurtulmaq. Bacaracaqmı? Finalı yazı vasitəsilə də təsvir etmək olardı. Ancaq “yüz eşitməkdənsə (yüz oxumaqdansa), bir görmək yaxşıdır” deyimini yada saləb susmağı məsləhət bilirik. Çünki, istənilən halda sonluğu yazıda təsvir etsək belə, canlı görüntü qədər maraqlı alınmayacaq...
Bütün bu hadisələr 80-ci illərin ab-havası fonunda cərəyan edir. Sosialist cəmiyyətidir. Canlı natura əksinin pornoqrafiya kimi qəbul olunduğu, senzura rejiminin meydan suladıgı, kobudca desək, sakit oturduğun yerdə çox asanlıqla zibilə düşə biləcəyin bir dönəmdir. Polisin də “milis” adlandığı, ancaq mahiyyət etibarilə keşmişin təkrarı olduğu, dəyişən sadəcə bir adın digərilə əvəzləndiyi zamanlardır...
Film, təkcə qəhrəmanların başına gələn əhvalatlarla məhdudlaşmır. Rejissor İlqar Safat “yeri gəlmişkən” prinsipindən çıxış edərək Azərbaycan foto sənətinin, eləcə də Azərbaycan tarixinə İosif Davıdoviçin (Ramis İbrahimov) nəqlində “səyahət” qurub. Beynəlxalq masştaba çıxarılaçaq filmdə milli keçmişimizin təbliği baxımından çox önəmli faktordur. Ən maraqlısı isə İqlar Safatın bu təbliğində zərrə qədər də pafos hiss olunmur. “Bu, bizim tariximizdir, görün, tanıyın, sevin” kimi şüarlarla gözü, qulağı deşmir. Əksinə, ilk baxışdan ötəri təsir bagışlayan, əslində isə zərif, incə ştrixlərlə diqqəti cəlb edə bilən maraqlı kadrlar.

“Zamanın dinamikasını dagıtmağa çalışan” SAHƏ rəisini YUĞ Dövlət teatrının bədii rəhbəri və baş rejissoru, əməkdar incəsənət xadimi Vaqıf İbrahimoğlu yaradıb. Təkcə fakturası deyil, ifa tərzi baxımından da obrazın daxili çalarlarına tamlıqla uyğunlaşa bilib aktyor. Bu, rejissorun bəlkə də ən uğurlu seçimi idi. Əslində isə bu obraz Vaqif bəyin yaradıcılığı üçün yenilik deyil. YUĞ Teatrının təməlini psixosof poetikasının əsasları üzərində yaratmış olan Vaqif İbrahimoğlu (Həsənov), Sahə rəisi obrazında da məhz psixosof poetkasının estetik çizgilərini görükdürmüşdü. Kino seyrciləri üçün yeni, teatr seyrçiləri üçün isə xarakterik olan yuğsayagı oyun idi.

Nə müsbət, nə də mənfi qəhrəman kateqoriyasına sığmayan, təzadlarla dolu Qərib obrazının yaradıcısı Zaza Bejaşvili öz vətənində kifayət qədər tanınmış olsa da, Azərbaycan kinematoqrafiyası ilə ilk əməkdaşlığıdır. Qəribin psixoloji yaşantılarını yüksək akytor peşəkarlığı ilə çatdıran gürcü aktyorunun ifasını Fəxrəddin Manafovun süst, ətalətli səsləndirməsi belə öldürə bilmədi.

Fransız aktrisası Melissa Papelın Səbinə roluna dəvət olunması isə onun heç də dahiyanə aktyorluq istedadı ilə bağlı deyildi. Səbinə obrazını onun yaratdığı səviyyədə yaradacaq aktrisalar Azərbaycan aktyor məktəbində bəs deyən qədərdir. Ancaq rejissorun fişkası onun aktrisalıq qabiliyyətinin olub-olmadığını göstərmək yox, sırf əcnəbi olduğu üçün başda Fransa olmaqla, digər ölkələrin kinematoqrafçılarının və seyrcilərinin diqqətini cəlb etməkdir. Kino industriyasında bənzər əməkdaşlıqların uğurlu sonunu görən rejissor da bundan istifadə edib.

Əcnəbilər arasında diqqəti çəkən daha bir sima var. Cannet rolunda Amerika əsilli Fransanın tanınmış qaradərili modeli Debora Kidd elə özünü oynayır. Daha dəqiq desək, filmin əvvəlində bir necə dəqiqəlik fotoseans və qısa monoqolu ilə görünür. Tamaşaçı diqqətini cəlb etməsi üçünsə elə xarici görünüşü kifayət edir.

Rus aktrisası Nina Rakovanın Alina rolu üçün Sankt–Peterburqdan dəvət olunması da xüsusi seçimin nəticəsidir. Alina obrazını yarada biləcək aktisanın axtarışları Azərbaycanda da olub. Aktrisalar arasında kastinq keçirilib. Ancaq nafilə. Heç bir nəticəyə vara bilməyən rejissor, Nina Rakovanı yada salıb. Çünki, Azərbaycanda intim səhnələri canlandıra biləcək aktrisa hələ ki, yetişməyib. Necə deyərlər, milli mentalitet, namus, qeyrət, abır-həya və bu silsilədən olan düşüncələr mane olur. Və bu, davam etdiyi sürəcə rejissorlarımız başqa ölkələrin akrtisalarına müraciət edəcəklər.

Peşəsi televiziya operatoru olan, aktyor qismində kino ilə canlı təmasa, məhz “Sahə” filmindəki ikinci polis obrazı ilə girən Fərid Bağırovun da iştirakı diqqəti cəlb etməyə biıməzdi. Bir vaxtlar çalışdığı nə ANS, nə də hazırda çalışdığı AzTV-də sıradan operatorlar cərgəsində olan, çəkdiyi statist kadrları ilə teleoperatorluq sahəsində zirvələr fəth etməyən Fərid, məlum filmdə yaratdığı obrazla tamaşaçını sözün həqiqi mənasında təəccübləndirə bildi. Onu ilk dəfə ekranda görənlər peşəkar aktyordan fərqləndirməzlər.

Digər rollarda həmçinin Məmməd Səfa (Birinci polis), Sonaxanım Mikayılova (Səbinənin anası), Midhət Aydınov (Topal), Ruslan İsmayılov (Pərviz), Anar Zeynalov (Akif), Rafis Mehdizadə (Emil), Aleksandr Klimaşev (Seva), Aleksey Saprıkin (Yaşlı müştəri), Rasim Cəfərov (Gənc müştəri), Aleksandr Həkimov (Həkim), Tərlan Manafov (Qəribə məxluq) oynayırlar.

Film üçün özəl olaraq musiqi isə “Ethnosphere” studiyasında yazılıb. Bununla yanaşı Enrike Karuzonun ifa etdiyi “Dai campi, dai prati”, Alla Puqaçovanın oxudugu “Million alıx roz”, “Samotsvetı” ansamblının ifasında “Moy adres – Sovetskiy Soyuz”, Aygün Bayramovanın ifasında “Gözəlim sənsən” xalq mahnısı, Nizami Rəmzinin “Bu siçan, serıy siçan” meyxanası, həmçinin Sovet dönəmində çəkilmiş multiplikasiya filmlərindən musiqi fraqmentləri səsləndirilib.

Son illər böyük iddialarla çəkilən, əslində isə nəinki beynəlxalq festivallarda, heç özfəaliyyət kinoklublarında üzə cıxarılacaq səviyyədə olmayan “Girov”, “İstanbul reysi”, “Kabusun gözüylə” və bu kimi digər filmlərlə kinosevərlərə sanki kabus yaşadıldı. Lakin hər şeyə rəgmən, “tipik Azərbaycan filmindən nə gözləmək olar?!”, və yaxud da iranlı bir rejissorun “sizdə kino sahəsi yoxdur və olmayacaq!” kimi təkəbbür dolu qınaqlarına “Sahə” filmi layıqli cavabdır. “Sahə”mizim beynəlxalq kino sahələrini fəth etməsi diləyilə

Sevda Babayeva Milli.Az 23 SENTYABR 2010