Salam kinofestivalı 11 ölkədən yeniyetmə və gəncləri bir araya gətirib
Sentyabrın 2-dən 5-dək "Nərimanfilm" kinostudiyası, Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının dəstəyi və "Pasha Holding" MMC və bir sıra təşkilatların sponsorluğu ilə "Salam" Beynəlxalq Yeniyetmə Kino Festivalı keçirilir.
"CinemaPlus Amburan Mall"da festivalın açılış mərasimi keçirilib. Mərasimdə mədəniyyət və incəsənət xadimləri, gənclər təşkilatlarının və ölkəmizdə fəaliyyət göstərən səfirliklərin nümayəndələri iştirak ediblər.
Mədəniyyət Nazirliyinin Filmlərin qeydə alınması, təbliği və yayımı sektorunun müdiri, Əməkdar incəsənət xadimi Cəmil Quliyev, "Nərimanfilm"in direktoru, Əməkdar mədəniyyət işçisi Nəriman Məmmədov, Macarıstanın və Hindistanın ölkəmizdəki səfirliklərinin əməkdaşları çıxış edərək festivalın işinə uğurlar arzulayıblar.
Bildirilib ki, festivalın məqsədi gənclərin milli-mənəvi və bəşəri dəyərlərə uyğun tərbiyə olunması, Azərbaycan və digər ölkələrin yeniyetmələri arasında dostluq əlaqələrinin yaradılması, mədəniyyətimizin təbliğidir.
Festivala 11 ölkədən 300-ə qədər 13-17 yaşlı yeniyetmə və gənc dəvət olunub. Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, İtaliya, Almaniya, Xorvatiya, Makedoniya, Pakistan və Hindistandan olan iştirakçılar festival müddətində azərbaycanlı ailələrdə yaşayacaq və milli adətlərimizlə yaxından tanış olmaq imkanı qazanacaqlar.
Festivalın təsisçisi Nəriman Məmmədov deyib: "Ümid edirəm, festival uşaqlarımıza əcnəbilərlə dostlaşmağa kömək edəcək. Xarici qonaqlar isə vətənlərinə qayıtdıqda öz yaşıdlarına möhtəşəm ölkəmiz haqqında danışacaqlar".
Festival gedişində iştirakçılar dünya kinematoqrafiyası nümunələrinə baxaraq müzakirə edəcək və münsif kimi səs verərək qalibləri müəyyənləşdirəcəklər. Tədbir çərçivəsində film nümayişləri ilə yanaşı, praktik məşğələlər, əyləncəli proqramlar və ekskursiyalar da həyata keçiriləcək.